...XƏBƏRLƏR...
...XƏBƏRLƏR...


Aylıq Hesabat Aprel 2013
AKTUAL XƏBƏR
       
06.05.13

ANAMA DİREKTORUNUN “AZƏRİ DEFENCE” JURNALINA MÜSAHİBƏSİ

06.05.13

HUMANİTAR MİNA TƏMİZLƏMƏ FƏALİYYƏTİNDƏ GEODEZİYA ÖLÇMƏLƏRİ

30.04.13

ANAMA HUMANİTAR MİNATƏMİZLƏMƏ ÜZRƏ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETDİ

22.04.13 NATO-NUN YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏRİ ANAMA-YA SƏFƏR ETDİ
  MİNA ƏMƏLİYYATLARI ÜZRƏ MİLLİ DİREKTORLAR VƏ BMT MƏSLƏHƏTÇİLƏRİNİN 16-CI BEYNƏLXALQ GÖRÜŞÜ
08.04.13

NATO BAŞ KATİBİNİN “BUSINESS YEAR” JURNALINA MÜSAHİBƏSİ

06.04.13 BEYNƏLXALQ MİNA XƏBƏRDARLIĞI VƏ MİNA AKSİYASINA YARDIM GÜNÜ  (video yüklə )
05.04.13 BEYNƏLXALQ MİNA TƏHLÜKƏSİZLİYİ BARƏDƏ MAARİFLƏNDİRMƏ VƏ MİNALARDAN TƏMİZLƏMƏ FƏALİYYƏTİNƏ YARDIM GÜNÜ MÜNASİBƏTİ İLƏ MÜRACİƏT 4 APREL 2013
04.03.13 ANAMA-nın DİREKTORU NAZİM İSMAYILOVUN BAKUPOST QƏZETİNƏ MÜSAHİBƏSİ    
04.03.13 ƏSAS HUMANİTAR MİNATƏMİZLƏMƏ KURSU    (video yüklə )
21.02.13 İRAQIN AZƏRBAYCANDAKI SƏFİRİ ANAMA-YA SƏFƏR ETDİ
28.01.13 ANAMA İLƏ BMQT ARASINDA ƏMƏKDAŞLIQ SAZİŞİ (video yüklə)
17.01.13 ANAMA-nın TÜRKİYYƏDƏKİ FƏALİYYƏTİ
22.12.12

POLŞANIN “JAKUSZ” TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ ANAMA-YA SƏFƏR ETDİ

 

MİNADAN ZƏRƏRÇƏKƏNLƏRƏ YARDIM LAYİHƏSİ DAVAM EDİR

30.11.12

BMT İP-in AVROPA VƏ MƏRKƏZİ ASİYA ÜZRƏ ƏN UĞURLU LAYİHƏLƏRİNİ ƏKS ETDİRƏN JURNALINDA ANAMA-nın FƏALİYYƏTİ DƏ ƏKS OLUNMUŞDUR

27.08.12

İNFORMASİYA İDARƏETMƏ SİSTEMİ ÜZRƏ BEYNƏLXALQ TƏLİM

13.07.12

AVSTRİYA RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ VƏ AVSTRİYA İNKİŞAF AGENTLİYİ NÜMAYƏNDƏSİNİN ANAMA-ya SƏFƏRİ

09.07.12

AZƏRBAYCANDA MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSATLARIN TƏMİZLƏNMƏSİ CEYRANÇÖL LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ

 

ANAMA YÜKSƏK SƏVİYYƏLİ HÖKUMƏT NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETDİ

11.05.12

NATO SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ ETİMAD FONDUNUN AZƏRBAYCANDA İKİNCİ LAYİHƏSİ CEYRANÇÖL TƏMİZLƏMƏ LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ

02.05.12

ANAMA İORDANİYANIN HAŞİMİLƏR KRALLIĞI ƏRAZİSİNDƏ MİNA SAHƏLƏRİNDƏ TƏMİZLƏMƏ ƏMƏLİYYATLARININ BİTMƏSİNƏ HƏSR OLUNMUŞ “MİNASIZ İORDANİYA” MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

21.04.12

XORVATİYA MİNATƏMİZLƏMƏ MƏRKƏZİ DİREKTORU ANAMA-ya SƏFƏR ETDİ

06.04.12

BEYNƏLXALQ MİNA XƏBƏRDARLIĞI VƏ MİNA AKSİYASINA YARDIM GÜNÜ

31.03.12

MİNA ƏMƏLİYYATLARI ÜZRƏ MİLLİ DİREKTORLAR VƏ BMT MƏSLƏHƏTÇİLƏRİNİN 15-ci BEYNƏLXALQ GÖRÜŞÜ

 

ANAMA VƏ XORVATİYA ARASINDA HƏR İKİ ÖLKƏNİN PREZİDENTLƏRİNİN İŞTİRAKI İLƏ ANLAŞMA
MEMORANDUMU İMZALANDI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

06.05.13

HUMANİTAR MİNA TƏMİZLƏMƏ FƏALİYYƏTİNDƏ GEODEZİYA ÖLÇMƏLƏRİ

22 iyul – 2 avqust 2013-cü il tarixlərində ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkil etdiyi Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimi keçiriləcək. 15 nəfərin iştirak etdiyi Geodeziya Ölçmələri təlimi ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində təşkil olunacaq.

Qeyd olunmuş kursun əsas məqsədi coğrafi məkan məlumatları dəqiqliyi tələblərinin və Şübhəli Təhlükəli Ərazilərin Ləğv Edilməsi prosesinin hər mərhələsində müvafiq toplama üsullarının istifadə edilməsinin təhlil edilməsidir.

http://www.gichd.org/fileadmin/pdf/IMSMA/GICHD-WS-Geodetic-measurements-July2013.pdf

 

 

 

 

30.04.13

ANAMA HUMANİTAR MİNATƏMİZLƏMƏ ÜZRƏ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETDİ

23-25 aprel 2013-cü il tarixdə ANAMAnın Əməliyyatlar üzrə Meneceri Samir Poladov Xorvatiyanın Sibenik şəhərində keçirilən “Humanitar Minatəmizləmə və Avadanlıq Sərgisi üzrə 10cu Beynəlxalq Simpoziumunda” iştirak etmişdir. Qeyd edilən tədbir Xorvatiyanın Mina Aksiya Mərkəzi tərəfindən keçirilib.

CROMAC-ın məlumatına görə, bu ilki simpoziumda 35 ölkədən 190 nəfər iştirak edib. DOK-ING, Istraživač, Tornado və Cluster for Humanitarian Demining kimi Xorvatiya şirkətləri tərəfindən minatəmizləmə avadanlıqları nümayiş etdirilmişdir.

http://www.ctro.hr/eng/menu/news/article/10th-symposium-drew-the-largest-number-of-participants-307.html

 

 

 

 

22.04.13

NATO-NUN YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏRİ ANAMA-YA SƏFƏR ETDİ

18-19 aprel 2013-cü il tarixdə NATO Layihə Meneceri Bulent Tüdes, NSPA Layihə Meneceri David Towndrow, NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndiricisi Villiam Lahue və NATO Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Gürcüstan üzrə Layihə Meneceri Gvantsa Kvinikadze ANAMA baş qərargahına səfər etmişlər. Səfərin başlıca məqsədi NATO Etimad Fondunun Layihəsi olan Ceyrançöl Layihəsi üzrə periodic müzakirələr və qeyd olunmuş Layihənin 2ci fazası üzrə gələcək planlar idi.

NATO nümayəndə heyəti Baş Nazirin Müavini, cənab A.Şərifovla da görüş keçirmişlər. Görüş zamanı NATO Etimad Fondunun Azərbaycanda birinci Layihəsi olan və uğurla həyata keçirilən Saloğlu Layihəsi, Ceyrançöl Layihəsinin 2ci fazası və eyni zamanda Azərbaycan Hökumətinin qeyri-hərbi sahədə Əfqanıstan və Gürcüstana yardımı kimi məsələlər müzakirə olunmuşdur.

19 aprel NATO nümayəndələrinin iştirakı ilə Rumıniya Səfirliyində təşkil olunmuş NATO üzv ölkələrinin Bakıdakı Səfirləri üçün NATO Etimad Fondunun Ceyrançöl Təmizləmə Layihəsi üzrə brifinq verilmişdir.

 

 

 

 

 

22.04.13

MİNA ƏMƏLİYYATLARI ÜZRƏ MİLLİ DİREKTORLAR VƏ BMT MƏSLƏHƏTÇİLƏRİNİN 16-CI BEYNƏLXALQ GÖRÜŞÜ

10-12 aprel 2013-cü il tarixdə ANAMA Direktoru cənab Nazim İsmayılov və Əməliyyatlar üzrə mütəxəssis Tural Məmmədzadə Cenevrədə keçirilən “Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 16-ci Beynəlxalq Görüşü”ndə iştirak etmişlər. Qeyd olunan tədbir BMT-nin Mina Aksiyası üzrə Agentliklər arası Koordinasiya Qrupu və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) ilə birgə təşkil edilmişdir.

 

BMT-nin bu mühüm yığıncağı mina probleminə məruz qalmış bütün ölkələrin mina Təhlükəsilə Mübarizə üzrə Milli Direktorları və BMT Məsləhətçilərini təcrübə və mina aksiyaları sahəsində problemlərin mübadiləsinə həsr edilmişdir.

 

 

 

 

 

 

 

08.04.13

NATO BAŞ KATİBİNİN “BUSINESS YEAR” JURNALINA MÜSAHİBƏSİ

click to zoomNATO Baş Katibi cənab Anders Fogh Rasmussen “Business Year” Jurnalına müsahibəsi zamanı ANAMA ilə NATO arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən minatəmizləmə Layihələrinin uğurla davam etdirilməsini xüsusi qeyd edib.  

http://www.1news.az/politics/20130405033117578.html

 

 

 

 

 

 

 

 

06.04.13

BEYNƏLXALQ MİNA XƏBƏRDARLIĞI VƏ MİNA AKSİYASINA YARDIM GÜNÜ   (video yüklə )

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü (4 Aprel) ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırır.

Bir qayda olaraq 2006-ci ildən etibarən 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü qeyd etmək məqsədilə ANAMA Regional Ofislərində və eləcə də, podratçı təşkilarları tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

4 Aprel 2013-cü il tarixdə ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə Agentliyin MTM Şöbəsi tərəfindən ümumi tədbirlər planı çərçivəsində cəbhəxətti və sərhədboyu rayon orta məktəblərindən 20 müəllim üçün iki günlük maarifləndirmə təlimləri keçirilmişdir. Təlimlər zamanı iştirakçılara ANAMA-nın ümumi fəaliyyətini və mina təhlükəsinə dair maarifləndirmə üzrə təhlükəsizlik qaydalarını əks etdirən geniş prezentasiya teqdim edilmişdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT–nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Rezident nümayəndəsi xanim Envera Selimoviç ilə birgə Tərtər rayonunun Qapanlı Qazyan kənd məktəbində tədbirlər keçirmiş və 200dən artıq müəllim və şagird kollektivi ilə görüşlər keçirmişlər. Daha sonra BAMF və ANAMA-nın Çevik Əməliyyat Qrupu nümayəndələri, minadan zərərçəkmiş şəxslərin iştirakı ilə Bərdə şəhərində ağac əkmə kompaniyası həyata keçirmişlər. Öz növbəsində Dayaq Azərbaycan tərəfindən Ağdam və Ağcabədi rayon məktəblərində görüşlər təşkil edilmiş, mina təhlükəsinə dair maarifləndirmə üzrə poster və kitabçalar paylanmışdır. Bu kimi tədbirlər, həmçinin Goranboy, Beyləqan, Füzuli və Ağstafa rayon məktəblərində də təşkil olunmuşdur.

Bütün bu tədbirlər bir daha Günün əhəmiyyətini vurğulamaq və bu sahədə problemlərin kəskin olduğu Azərbaycanda diqqət mərkəzində saxlamağa imkan yaradır.

Qeyd olunmuş tədbirlər bütün yerli TV kanal və İnformasiya Agentlikləri tərəfindən geniş şəkildə yayımlanmışdır.

(video yüklə )

 

 

 

 

 

05.04.13

BEYNƏLXALQ MİNA TƏHLÜKƏSİZLİYİ BARƏDƏ MAARİFLƏNDİRMƏ VƏ MİNALARDAN TƏMİZLƏMƏ FƏALİYYƏTİNƏ YARDIM GÜNÜ MÜNASİBƏTİ İLƏ MÜRACİƏT 4 APREL 2013

UNITED NATIONS       NATIONS UNIES

BAŞ KATİB

 BEYNƏLXALQ MİNA TƏHLÜKƏSİZLİYİ BARƏDƏ MAARİFLƏNDİRMƏ VƏ
MİNALARDAN TƏMİZLƏMƏ FƏALİYYƏTİNƏ YARDIM
GÜNÜ
MÜNASİBƏTİ İLƏ MÜRACİƏT

4
APREL 2013

Sülhün təminatı, inkişafın təşkili, keçid dövründə olan millətləri dəstəkləmək və onların həyatlarının təhlükəsizliyini təmin etmək üçün mina təhlükəsini aradan qaldırmaq və partlayıcı qalıqları təmizləmək olduqca vacib addımdır.

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan, Kamboca, Kolumbiya, Laos, Livan, Cənubi Sudan və digər yerlərdə yaşayan milyonlarla insana geniş miqyaslı yardım göstərməyə davam edir. Lakin xüsusilə Suriya və Malidə insanların sıx məskunlaşdığı ərazilərdə partlayıcı silahların çoxsaylı insan itkisinə gətirib çıxarması hallarının çoxalması daha çox irəliləyişlərə ehtiyac olduğunu göstərir.

Mən Piyadalar Əleyhinə Minaların Qadağan olunması haqda 1997-ci ilin Konvensiyasına 161 üzv ölkənin qoşulmasına şadam. Bundan əlavə, 111 ölkə Kasetli Sursatlar haqqında Konvensiyanı imzaladı və 81 ölkə Müəyyən Adi Silah növləri barədə Konvensiyasının Müharibənin Partlayıcı Qalıqları barədə Beşinci (Düzəliş) Protokoluna razılıq verdi. 127 ölkə Əlillərin Hüquqları barədə Konvensiyanı ratifikasiya etdi. Mən bütün dünya xalqlarını bu sazişlərə riayət etməyə çağırıram.

Birləşmiş Millətlər Təşkilatının mina təmizləmə proqramları humanitar yardımın göstərilməsi, sülh əməliyyatları və inkişaf yönlü təşəbbüslər üçün  məkanlar yaratmağa davam edir və bu da öz növbəsində BMT həmkarlarının hərəkətə keçməsinə, qaçqın və məcburi köçkünlərin isə könüllü olaraq öz evlərinə qayıtmasına imkan yaradır. Birləşmiş Millətlər Təşkilatının 2013-2018 illərinin Mina Təmizləmə Strategiyası insanların və icmaların sosial-iqtisadi inkişaf yolunu davam edə biləcəyi və sağ qalanlara münasibətdə icmalarının bərabər üzvləri kimi davranılacağı daha təhlükəsiz dünyaya doğru bir sıra addımlar müəyyən edir. 

Birləşmiş Millətlər Təşkilatı mina təhlükəsizliyi barədə maarifləndirmə və bütün dünyada mina təmizləmə işlərinin aparılması sahəsində böyük öhdəçilik götürür. Bu Beynəlxalq Gündə biz mina təhlükəsindən və digər müharibə qalıqlarından azad bir dünyaya doğru götürdüyümüz məsuliyyəti bir daha təsdiq edirik.

 

 

 

04.03.13

ƏSAS HUMANİTAR MİNATƏMİZLƏMƏ KURSU     (video yüklə )

28 yanvar 2013-cü ildə “Əsas Humanitar Minatəmizləmə Təlimi” başlanmışdır. Təlim ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Agentliyin Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) qurumu tərəfindən keçirilmişdir. Təlimdə 29 nəfər yeni müdavim və 3 nəfər Xarici Keyfiyyət Yoxlaması bölməsinin işçiləri iştirak etmişlər.

Bu təlim müddətində müdavimlər ilk yardım, mina və sair hərbi sursatların tanınması, mina detektorlarından istifadə edərək hədəflərin aşkar olunması, minaaxtaran itlər və mexaniki minatəmizləyən maşınlarla birgə əməliyyatlarda iştirak etməsi və sair qaydalara dair bilik və bacarıqlara yiyələnmişlər.

Kursu uğurla başa vurmuş müdavimlərə Əsas Humanitar Minatəmizləmə üzrə sertifikatlar təqdim olunmuşdur.
28 fevral 2013-cü ildə ANAMA-nın Göygöl Regional Bazasında Agentliyin baş qərargah işçilərinin, yeni müdavimlərin valideynlərinin və eləcə də mətbuat nümayəndələrinin iştirakı ilə mərasim keçirilmişdir.

 

 

 

 

 

21.02.13

İRAQIN AZƏRBAYCANDAKI SƏFİRİ ANAMA-YA SƏFƏR ETDİ

18 fevral 2013-cü il tarixində İraqın Azərbaycandakı səfiri cənab Haydar Albarrakın müşaiyət etdiyi nümayəndə heyəti cənab Rahman Haffar, Birinci Katib və cənab Jasim Ahmed, Siyasi İşlər üzrə Müşaviri ANAMA baş qərargahına rəsmi səfər etmişlər. Nümayəndə heyəti ANAMA Direktoru cənab Nazim İsmayılov tərəfindən qarşılanmışdır. Tanışlıq məqsədi daşıyan görüş zamanı tərəflər hər iki ölkə üzrə yerüstü minaların humanitar təsiri və problemin miqyası barədə fikir mübadiləsi aparılmışdır.

Öz növbəsində ANAMA tərəfindən Agentliyin fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.İraq nümayəndə heyətinə Azərbaycanda aparılan minatəmizləmə fəaliyyəti barədə məlumat verildikdən sonra iki ölkə arasında qeyd olunan sahə üzrə gələcək əməkdaşlıq müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq və eyni zamanda daha konkret nəticələr əldə etmək üçün cənab Nazim İsmayılov ANAMA-nın fəaliyyəti, aparılan əməliyyatlar, eləcə də regional bazaları ilə tanışlıq məqsədilə İraqın Mina Aksiyası üzrə Səlahiyyətli Qurumu və aidiyyatı Nazirlik nümayəndələrinin Azərbaycana səfərlərini təklif etmişdir.

 

 

 

 

28.01.13

ANAMA İLƏ BMQT ARASINDA ƏMƏKDAŞLIQ SAZİŞİ (video yüklə)

25 yanvar 2013-cü il tarixdə, Hyatt Görüş və Konfrans Mərkəzində (Bakı zalı)  ANAMA ilə BMqT arasında Əməkdaşlıq Sazişinin imzalanmasına həsr olunmuş rəsmi tədbir keçirilmişdir. Qeyd etmək istərdik ki, 2007-ci ildən etibarən BMqT ilə ANAMA minadan zərərçəkənlərə yardım sahəsində sıx əməkdaşlıq edir. Belə ki, ANAMA və BMqT “Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya” Proqramını 2007-2012-ci illər ərzində uğurla həyata keçirmişdir. Bu Layihə Avstriya İnkişaf Agentliyi, Beynəlxalq Etimad Fondu, Slovenia Dövləti, Korea Respublikası, Bakı Rotary Club və digər donorlar tərəfindən maliyyələşdirilmişdir.  190 minadan zərərçəkən üçün kiçik biznes təlimlərinin öyrədilməsi və idarəedilməsi üzrə “Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya” Proqramı uğurla həyata keçirilmişdir. Təlimləri uğurla bitirən və layihə təklifi hazırlayan 140 minadan zərərçəkən davamlı gəlir fəaliyyətini genişləndirmək imkanı əldə etmələri üçün mikro-kreditlə təmin edilmişlər.  Əməkdaşlıq Sazişinin bağlanması ilə ANAMA və BMqT mina aksiyası üzrə həyata keçirilən əlaqələri rəsmiləşdirəcəkdir. Əməkdaşlıq Sazişinə əsasən, tərəflərin milli və beynəlxalq səviyyədə aşağıda qeyd olunmuş sahələr üzrə qarşılıqlı əməkdaşlıq etmələri nəzərdə tutulur:

  1. mina aksiyası ayrılıqda bir fəaliyyət kimi: (i) toplanmış sursatların məhv edilməsi; (ii) mina təmizləmə; (iii) minadan zərərçəkənlərə yardım, reabilitasiya və reinteqrasiya; (iv) məlumatlandırma; (v) mina təhlükəsinə dair maarifləndirmə;
  2. mina aksiyasının daha geniş inkişaf layihələri və proqramlarına inteqrasiyası: (i) sülh quruculuğu və dəstək; (ii) humanitar yardım; (iii) münaqişədən sonra yenidənqurma; (iv) inkişaf.

Tədbir ANAMA Direktoru cənab Nazim İsmayılovun və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi cənab Serhan Aktoprakın açılış nitqi, gələcək planlar barədə məlumatlarla bölüşməsi və sonda Əməkdaşlıq Sazişinin imzalanması mərasimi ilə davam etdirildi. Eyni zamanda ANAMA ilə BMqT arasında minadan zərərçəkənlərə yardım sahəsində sıx əməkdaşlığı əks etdirən foto və filmlər qonaqlara təqdim edildi. 

Eyni zamanda Polşa Hökumətinin Polşa Respublikasının Bakıdakı Səfirliyi vasitəsilə hədiyyə edilmiş, Azərbaycanda mina/PHS təmizlənməsi əməliyyatlarını dəstəkləmək məqsədilə ANAMA-ya xüsusi tibbi avadanlıqla tam təmin olunmuş təcili yardım maşınının təqdim etmə mərasimi də təşkil olunmuşdur.

(video yüklə)

 

 

 

 

22.12.12

POLŞANIN “JAKUSZ” TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ ANAMA-YA SƏFƏR ETDİ

18-20 dekabr 2012-ci il tarixdə Polşanın “JAKUSZ” təşkilatının Direktoru cənab Bogdan Jakusz və daha üç nümayəndəsi Azərbaycanda mina təmizləmə fəaliyyəti üzrə həyata keçirilən işlərlə tanış olmaq məqsədilə ANAMA-ya səfər etdi.

Səfər çərçivəsində qonaqlar Fizuli regionunda aparılan minatəmizləmə əməliyyatları, eləcə də Göygöl regional bazasında agentliyin təlim bazasının şərait və imkanları ilə tanış olmuşlar. Təlim, Tədqiqat, Keyfiyyətə Təminat Qurumu tərəfindən avadanlıq sərgisi, ANAMA-nın yerli və beynəlxalq səviyyəli fəaliyyətini əks etdirən prezentasiyalar təqdim edilmiş və əməkdaşlıq sahələrinin müəyyən edilməsi üzrə regional toplantı təşkil edilmişdir.

Qonaqlar ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmuş və ANAMA-nı dünya mina aksiyası arenasında təcrübəli və etibarlı partnyor kimi tanıdıqlarını bildirmiş və agentliyin fəaliyyətindən böyük təəssüratlar əldə etmişlər.

20 dekabr 2012-ci il tarixdə nümayəndə heyəti ANAMA Direktoru ilə görüş keçirmiş və görüşdə PHS təmizlənməsi sahəsində gələcəkdə mümkün əməkdaşlıq barədə müzakirələr aparılmışdır.

 

 

 

 

22.12.12

MİNADAN ZƏRƏRÇƏKƏNLƏRƏ YARDIM LAYİHƏSİ DAVAM EDİR

ANAMA-nın minatəmizləmə əməliyyatları ilə birgə minadan zərərçəkənlərə yardım sahəsində də kifayət qədər təcrübəsi vardır və bu sahə üzrə prioritetdə olan Layihələr bu gün də uğurla hətaya keçirilir. ANAMA tərəfindən “Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi”, “Minadan zərərçəkənlərə bərabər imkanlar”, “Azərbaycanda Мinadan Zərərçəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikrokreditlər Fondu”, “Minadan zərərçəkənlər və onların ailə üzvlərinə 3 aylıq komputer kurslarının təşkili” və eləcə də  “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi” layihələri həyata keçirilmişdir.

Qeyd olunmuş Layihənin davamı olaraq 4 dekabr 2012-ci il tarixdə Masallı, Biləsuvar, Ağcabədi, Tərtər, Qazax və Lerik rayonlarından olan 9 nəfər minadan zərərçəkən 18 gün ərzində Abşeron, Günəşli və Qaranquş Pansionatlarında tam müayinə olunur, müalicə və reabilitasiya kursları alırlar.

Zərər çəkmiş şəxslərin sanatoriya şəraitində tibbi xidmət almasına yardım Layihəsinin davamı olaraq 2013-cü ilin yanvar və fevral aylarında ölkənin müxtəlif regionlarından 21 nəfər zərərçəkən şəxsin müalicə və reabilitasiya kursunu keçməsi planlaşdırılır.

 

 

 

 

30.11.12

BMT İP-in AVROPA VƏ MƏRKƏZİ ASİYA ÜZRƏ ƏN UĞURLU LAYİHƏLƏRİNİ ƏKS ETDİRƏN JURNALINDA ANAMA-nın FƏALİYYƏTİ DƏ ƏKS OLUNMUŞDUR

27 noyabr 2012-ci il tarixində BMT-nin Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Nümayəndəsı cənab Antonius Broekla Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Direktoru cənab Nazim İsmayılov arasında görüş keçirilmişdir.

Agentliyin Direktoru ANAMA-nın fəaliyyəti, bu günədək həyata keçirilən layihələr, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor və partnyor təşkilatlarla əməkdaşlıq, eləcə də uzun və qısamüddətli strategiyalar barədə geniş məlumat vermişdir.

    

Görüş zamanı cənab Antonius Broek Agentliyin uğurlarının beynəlxalq səviyyədə əks olunduğunu və bəyənildiyini bildirərək, gələcəkdə ANAMA-nın başqa ölkələr üçün yardım edəcəyi və öz bilik və təcrübəsini bölüşməsi üçün BMT tərəfindən bütün lazımi şəraitin yaradılacağı bildirilmişdir. BMT-nin Rezident Əlaqələndiricisi BMT İnkişaf Proqramının (BMT İP) Avropa və Mərkəzi Asiya üzrə ən uğurlu Layihələrini əks etdirən jurnalında ANAMAya da öz layiqli yerinin verilməsini və qeyd olunan jurnalın şəxsən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə rəsmi görüş zamanı təqdim edilməsini xüsusi qeyd etmişdir.

 

 

 

 

27.08.12

İNFORMASİYA İDARƏETMƏ SİSTEMİ ÜZRƏ BEYNƏLXALQ TƏLİM

22-31 avqust tarixlərində ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkil etdiyi “Mina Aksiyası üzrə İnformasiya İdarəetmə Sisteminin Yeni Nəsil təlimləri” keçirilir. Agentliyin Göygöl Regional Təlim bazasında A1 (1-ci səviyyəli administrator) səviyyəsi üzrə keçirilən təlim kursunda İsveçrə, Türkiyə, İraq, Əfqanıstan, Tacikistan və Azərbaycandan mina aksiyası üzrə mütəxəssislər iştirak edir.

“Mina Aksiyası üzrə İnformasiya İdarəetmə Sisteminin Yeni Nəsil təlimləri”nin başlıca məqsədi təmsil olunmuş təşkilatlara IMSMA proqramının yeni versiyasını öyrətmək və əldə olunmuş biliklərin öz ölkələrində tətbiqinə kömək etməkdən ibarətdir.

Qeyd edək ki, “Mina Aksiyası üzrə İnformasiya İdarəetmə Sisteminin Yeni Nəsil” növü artıq bir çox mina aksiyası təşkilatlarında tətbiq olunur və köhnədən fərqli olaraq daha geniş və yenilənmişdir.

10 gün davam edən təlim kursunu uğurla bitirmiş iştirakçılar sonda iştirak və əldə etdikləri nailiyyətlərə görə sertifikatla təltif olunacaqlar. 

Göygöl Regional Təlim Bazasında keçirilən təlim prosesində eyni zamanda GİCHD tərəfindən distansiyon idaretmə ilə olan kiçik uçuş aparatı numayiş olunmuşdu. Bu aparat vasitəsilə minalanmış ərazinin sahəyə daxil olmadan əvvəl verilmiş koordinatlar üzrə uçaraq sahənin şəklini çəkmək mümkündür. Hər bir uçuş 30 dəqiqədən az və 150 metr yüksəkliyindən çox olmayaraq davam etdirilmişdir.
Böyütmək üçün üzərinə vur
Qeyd olunan xüsusi qurğu vasitəsilə ANAMA Göygöl
Regional Təlim Bazasının yüksəklikdən görünüşü

 

 

 

 

13.07.12

AVSTRİYA RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ VƏ AVSTRİYA İNKİŞAF AGENTLİYİ NÜMAYƏNDƏSİNİN ANAMA-ya SƏFƏRİ

11 iyul 2012-ci il tarixdə Avstriya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Silvia Meier-Kajbic və Avstriya İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi cənab Aleksander Bohr ANAMA-ya səfər etmişlər.

Görüş zamanı ANAMA Direktoru qonaqlara Agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri və milli mina təmizləmə strategiyasının əsas meyarları haqda geniş məlumat verdi.

Görüşün əsas məqsədi ANAMA ilə ADA arasında minatəmizləmə fəaliyyəti sahəsində birgə təşəbbüslərin yerinə yetirilməsi üzrə mümkün əməkdaşlıq, eləcə də Azərbaycanda Minadan Zərərçəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikrokreditlər Fondu Layihəsinə dəstək barədə müzakirələr aparmaq idi.

Sonda cənab Nazim İsmayılov Azərbaycanda mina və partlamamış hərbi sursat probleminə olan dəstək və marağa görə qonaqlara minnətdarlıq bildirdi.

 

 

 

 

09.07.12

AZƏRBAYCANDA MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSATLARIN TƏMİZLƏNMƏSİ CEYRANÇÖL LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ

5 iyul 2012 – ci il tarixdə Azərbaycan  Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların təmizlənməsi birgə layihəsinin rəsmi açılış mərasimi keçirdi. Bu tədbir 5 iyul 2012-ci il tarixdə Park İnn mehmanxanasında Azərbaycan Respublikasının Baş Nazirin Müavini cənab Abid Şərifov, NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı cənab Xəzər İbrahim, Azərbaycanda akkreditə olunmuş Diplomatik Nümayəndəliklərin, Səfirliklərinin və NATO/NSPA nümayəndələrinin, eləcə də Əfqanıstanın yüksək səviyyəli hökumət rəsmilərinin və Tacikistan Mina Aksiyası Mərkəzinin Direktorunun iştraki ilə keçrilmişdir.

Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991 ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Hal-hazirda 64 kv.km ərazi çoxlu sayda mina və partlamamış hərbi sursatla çirklənmişdir.

ANAMA ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 Oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olundu. Amerika Birləşmiş Ştatları bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürdü. Azərbaycan Höküməti bu vəziyyətlə bağlı dərindən maraqlanmış və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırmışdır.

ANAMA Direktoru, cənab Nazim İsmayılov öz giriş nitqində Azərbaycanda mövcud PHS probleminin miqyasından bəhs etdi və NATO SNT Proqramı çərçivəsində həyata keçirilən Ceyrançöl layihəsinin yüksək əhəmiyyətini vurğuladı. Cənab İsmayılov həmçinin “Saloğluda Partlamamış Hərbi Sursatların Təmizlənməsi” Layihəsinin bütün çətinliklərə üstün gələrək müvəfəqiyyətlə başa çatdırılmasına dəstək göstərən bütün donor ölkələrə təşəkkürünü bildirdi.

Azərbaycan hökuməti adından layihənin koordinatoru Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifov vurğuladı ki, 2000-ci ildən etibarən  19,000 hektar ərazi təmizlənmiş, on minlərlə ədəd mina/PHS aşkar edilərək zərərsizləşdirilmişdir. Bunun nəticəsində vaxtilə istifadədən kənar qalan torpaqlar partlayıcı təhlükəsindən təmizlənərək Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində istifadəyə yararlı vəziyyətə gətirilmiş, Qaçqın və Məcburi Köçkünlərin bir hissəsinin öz doğma yurdlarına köçməsinə şərait yaranmışdır. Eyni zamanda, Azərbaycan hökuməti Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlığa daim önəm vermiş və gələcəkdə də bu kimi layihələrin davam etdiriləməsinə dəstək göstərəcəyini bildirdi.

NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay öz nitqində qeyd etdi: "NATO SNT Etimad Fondunun Azərbaycanda ilk Layihəsi olan Saloğlu layihəsi yüksək səviyyədə həyata keçirilmişdir və bu çox təhlükəli əməliyyatlardır, hər gün sahədə çalışan heyət risk ilə üzləşirlər". Ceyrançöl Layihəsi də birinci Layihə tək çox vacib bir layihədir və bu layihə aid olduğu regionun inkişafına müsbət töhvə verə biləcəyinə ümüd  etdiyini bildirdi.

Ruminia Səfirliyinin NATO yanında Əlaqələndirici şəxsi , İkinci Katib Cənab Radu Gorincioi  öz çıxışında ANAMA əməkdaşlarının göstərdiyi peşəkarlıq nəticəsində və Azərbaycanlı heyətin bundan əvvəlki PHS təmizlənməsi Layihələrində əldə etmiş yüksək təcrübə Ceyrançöldə yerləşən keçmiş Sovet hərbi poliqonunun tezliklə bu ərazidə yaşayan Azərbaycan xalqı üçün təhlükəsiz zona olacağına əminliyini bildirdi.

Öz növbəsində, NATO-nun Təminat Agentliyi, Ceyrançöl Layihəsinin meneceri cənab Devid Toundrou vurğuladı ki, Ceyrançöl ərazisini təhlükəsiz istifadə üçün mina/PHS və digər təhlükələrdən təmizləməsinə real ehtiyac var. ANAMA resursları daim hazır vəziyyətdədir və siyasi baxımdan həm Azərbaycan Hökuməti həm də NATO yüksək məhsuldarlı layihələr üzrə birgə işi davam etdirmək istəyindədirlər.

ANAMA İnformasiya Meneceri, cənab Murad Rəhimov ANAMA-NATO/NSPA birgə layihəsi olan “Azərbaycanda mina və partlamamış hərbi sursatların təmizlənməsi” barədə ətraflı təqdimatla çıxış etdi. Murad həmçinin öz prezentasiyasında ANAMA-nın təlim sahəsində olan imkanları və digər ölkələr ilə birgə əməkdaşlığına xüsusi yer vermişdir.

Tədbirin sonunda ANAMA-nın direktoru Azərbaycanda mina fəaliyyətinə göstərilən maraq üçün bütün iştirakçılara öz təşəkkürünü bildirdi.

Qonaqlar TTKT Qurumu tərəfindən təşkil olunmuş təlim avadanlıqları sərgisi və MTM şöbəsi tərəfindən hazırlanmış Mina Təhlükəsinə dair Maarifləndirməyə aid güşə ilə tanış oldular.

   

 

 

 

 

09.07.12

ANAMA YÜKSƏK SƏVİYYƏLİ HÖKUMƏT NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETDİ

Azərbaycan Hökumətinin tapşırığına əsasən Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

Əməkdaşlığın davam etdirilməsi çərçivəsində, 2-7 iyul 2012-ci il tarixdə Əfqanıstan Milli Fəlakətlər İdarəsinin baş direktoru cənab Mohammad Daim Kakar, 2-ci vise prezidentin aparat rəhbəri cənab Abdul Hamid Nab və Əfqanıstan Minatəmizləmə Departamentinin direktoru cənab Samandari Mohd Qasim Azərbaycana səfər etmişdir.

Eyni zamanda Əfqanıstan nümayəndə heyəti ilə birgə Tacikistan Minatəmizləmə Mərkəzinin Direktoru cənabMuxabbed İbrohimov da Azərbaycana səfər etmişdir.

Əfqanıstan nümayəndə heyəti və Tacikistan Minatəmizləmə Mərkəzinin Direktoru Füzuli regionunda aparılan əməliyyatlarla və eləcə də, minaaxtaran itlər və mexaniki minatəmizləmə maşınlarının fəaliyyəti ilə tanışlıq məqsədilə Agentliyin Füzuli Regional Bazasına və ANAMA tərəfindən keçirilən təlimlər və təlim avadanlıqları ilə tanışlıq məqsədilə Göygöl Regional Təlim Bazasına səfər etmişlər.

Qeyd olunan nümayəndə heyəti ANAMA Direktoru, Baş Nazirin Müavini, Xarici İşlər Naziri, Azərbaycan Respublikası Prezidentinin Müdafiə Məsələləri üzrə köməkçisi, Təhsil Nazirinin müavini və Fövqəladə Hallar Nazirinin müavini ilə ikitərəfli görüşlər keçirmişlər. Görüş zamanı 2014-cu ilədəkAzərbaycan HökumətininƏfqanıstana qeyri-hərbi sahədə yardımı vəminatəmizləməfəaliyyətinin bütün aspektləri üzrə gələcək əməkdaşlıq, 40-50,000 MTM şagird dərslikləri və müəllim vəsaitlərinin çap edilərək daşınması, təcrübə mübadiləsi və mina aksiyası üzrə məlumat bazası, eləcə də minadan zərərçəkənlərə yardım və keyfiyyətin idarəolunması üzrə yardım göstərilməsi barədə müzakirələr aparılmışdır.

2008-ci ildən etibarən ANAMA Əfqanıstan Milli Fəlakətlər İdarəsinin Əfqanıstan Minatəmizləmə Departamentinə Mina Aksiyası Programı üzrə yardım göstərir.

 

 

 

 

 

11.05.12

NATO SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ ETİMAD FONDUNUN AZƏRBAYCANDA İKİNCİ LAYİHƏSİ
CEYRANÇÖL TƏMİZLƏMƏ LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ

Bildiyiniz kimi, Azərbaycan Hökuməti Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisinin 64 kvadrat kilometrlik hissəsini partlamamış hərbi sursatlardan (PHS) və minalardan təmizlənməsinə dair layihənin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) müraciət etmişdir. 1955-1991-ci illərdə Keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmiş həmin ərazidə olan PHS və minalar yerli əhali üçün ciddi humanitar, sosial-iqtisadi və ətraf mühitin çirklənməsi təhlükəsi yaradır.

2009-cu ildə aparılmış tədqiqat zamanı çoxlu sayda partlamamış tank mərmisi və müxtəlif kalibrli artilleriya mərmisi, havadan atılmış bombalar və digər növ PHS aşkar edilmişdir. Onların əksəriyyəti yanmış, lakin partlamamışdır və təhlükəli vəziyyətdə qalmaqdadir.

4 oktyabr 2011-ci il tarixdə Ceyrançöl Təmizləmə Layihəsi NATO tərəfindən rəsmən təsdiq olundu.
Belə ki, birinci mərhələdə ilkin olaraq hər biri 14 ayı əhatə edən 2 hissədən ibarət layihə çərçivəsində Azərbaycanın şimal-qərbində yerləşən Ceyrançöl adlı ərazidəki keçmiş sovetlər ordusunun təlim ərazisinin qərb hissəsində olan 19 kv km sahə PHS və minalardan təmizlənəcəkdir.

28 aylıq layihənin dəyəri 3 090 000 AVRO məbləğində müəyyənləşdirilmişdir. Layihədə Azərbaycan Hökumətinin maliyyə dəstəyi Layihənin ümumi dəyərinin 50% təşkil edir. Amerika Birləşmiş Ştatları Azərbaycanda Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu Layihəsinin – “Ceyrançöl Təmizləmə Layihəsi” - Azərbaycanda həyata keçirilməsində aparıcı ölkə olacağını məmnuniyyətlə öz öhdəsinə götürmüş və Layihəyə maliyyə dəstəyi ayırmışdır. Eyni zamanda Böyük Britaniya da Layihəyə donor ölkə olaraq qatılmışdır.

Qeyd olunan Layihə çərçivəsində təmizləmə əməliyyatları 3 aprel 2012-ci ildən başlamış və indiyəcən 400,403 kvm ərazi təmizlənmiş,  70 mina və PHS tapılmışdır.

9 may 2012-ci il tarixdə ANAMA tərəfindən Agstafa rayonu, Ceyrançöl Regional Bazasında, NATO-nun Cənubi Qafqaz Regionu üzrə Əlaqələndiricisi Villiam Lahue, NATO/NAMSA-nın Layihə Meneceri David Toundrou, Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Daniel Cristian Ciobanu, eləcə də yerli hökumət nümayəndələrinin iştirakı ilə Ceyrançöl Təmizləmə Layihəsinin sahə üzrə açılış mərasimi keçirilmişdir.

Açılış mərasimi Ceyrançöl bazasında Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında bayraqların qaldırılması ilə başlandı. Sonra isə tədbirdə iştirak edən qonaqların nitq söyləməsi ilə davam etdirildi.

Qonaqlara qeyd olunan Layihə barədə təfsilatlı brifing verildi, ANAMA-nın TTKT Qurumu tərəfindən təşkil olunmuş təlim avadanlıqlarına baxış keçirildi, həmçinin canlı olaraq əl ilə minatəmizləmə, minaaxtaran itlər vasitəsilə və Bozena 5 mexaniki minatəmizləmə maşınının sahədə fəaliyyətini də izlədilər.

Sonda qonaqlar ANAMA tərəfindən Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiklərini və bu fəaliyyətdən razı qaldıqlarını bildirdilər.

 

 

 

 

 

02.05.12

ANAMA İORDANİYANIN HAŞİMİLƏR KRALLIĞI ƏRAZİSİNDƏ MİNA SAHƏLƏRİNDƏ
TƏMİZLƏMƏ ƏMƏLİYYATLARININ BİTMƏSİNƏ HƏSR OLUNMUŞ “MİNASIZ İORDANİYA”
MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

23-25 aprel 2012-ci il tarixlərində ANAMA Direktoru cənab Nazim İsmayılov və Əməliyyatlar üzrə Mütəxəssis Tural Məmmədzadə İordaniyanın Haşimilər Krallığı ərazisində mina sahələrində təmizləmə əməliyyatlarının bitməsinə həsr olunmuş “Minasız İordaniya” mərasimində iştirak etmişdir. İordaniya Yaxın Şərqdə minasız sahələrin olması üzrə ilk ölkə rolunu əldə etmiş və bununla, “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi” haqqında Ottava konvensiyasının öhdəliklərini yerinə yetirmişdir.

Bir sıra Kral ailə üzvləri, Norveç Şahzadəsi Haakon, donor icmaları, eləcə də bir sıra ölkə səfirləri və minadan zərərçəkən şəxslərin iştirak etdiyi və Zati Ailələri Şahzadə Hüseyn bin Abdullah II-nin başçılığı altında təşkil olunmuş tədbirdə, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin (NCDR) Sədri, Şahzadə Mired Raad Əl Hüseyn, rəsmi olaraq “İordaniya artıq minalı sahələrdən azaddır” deyə bəyan etmişdir.

İordaniyaya səfəri çərçivəsində cənab İsmayılov Azərbaycan Respublikasının İordaniya Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Elman Araslının iştirakı ilə Zati Ailələri Şahzadə Mired və Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin Direktoru cənab Məhəmməd Breikat ilə ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycan və İordaniya arasında humanitar mina aksiyası çərçivəsində birgə əməkdaşlıq mövzusunda müzakirələr aparılmışdır.

“Fəaliyyətdə olan illər ərzində bizim təşkilat sabit və yüksək təcrubəli milli mina aksiyası potensialı yaratmağa müvəffəq olmuş və bütün humanitar mina aksiyası aspektlərində Beynəlxalq və Milli standartları rəhbər tutaraq insanların həyatlarını xilas etmək, iqtisadi inkişafa dəstək və ağır vəziyyətdə olan vilayətlərin rifahına yönəldilmişdir” – deyə Zate Ailələri Şahzadə Mired çıxış zamanı öz nitqində qeyd etmişdir.

Ölkə sərhəddi boyunca mövcud olan mina təhlükəsini aradan qaldırmaq üçün İordaniya bütün səylərini və resurslarını səfərbər etmişdir. “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi” haqqında Ottava konvensiyası çərçivəsində üzərinə götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsi Əla Həzrəd Kral Abdulla II minaların törətdiyi bu təhlükənin aradan qaldırılması işinə həsr etdiyi şəxsi səyi nəticəsində mümkün olmuşdur deyə cənab İsmayılov qeyd etmişdir.

Görüş zamanı hər iki tərəf qeyd etmişdir ki, əlillərə yardım üzrə bağlanmış dövlətlərarası razılaşmanı əsas tutaraq, Mina Aksiyası Proqramları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində gələcəkdə görüləcək işlər olduqca geniş miqyaslı hesab edilə bilər. Milli potensialın davamlılığının istənilən səviyyədə olmayan qonşu regionlarda mina aksiyası istiqamətində səmərəliliyi artırmaq məqsədilə ANAMA və NCDR minadan zərərçəkənlərə yardım üzrə öz səy və güclərini birləşdirməlidir. Birgə plan və fəaliyyəti həyata keçirmək və humanitar minatəmizləmənin bütün aspektleri üzrə daha da yaxın əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq məqsədilə iki təşkilat arasında Anlaşma Memorandumu imzalanmalıdır.

http://www.menafn.com/menafn/1093507144/Jordan-first-Mideast-country-to-be-free-of-minefields

 

 

 

 

21.04.12

XORVATİYA MİNATƏMİZLƏMƏ MƏRKƏZİ DİREKTORU ANAMA-ya SƏFƏR ETDİ

18 aprel 2012-ci il tarixdə Xorvatiya Minatəmizləmə Mərkəzinin Direktoru cənab Zdravko Modrušan, Planlaşdırma və Analiz Departament Meneceri xanım Nataša Mateša Mateković və “Minasız Xorvatiya” Fondunun Direktoru xanim Djurdja Adlešič ANAMA-ya rəsmi səfər etmişlər. Görüş zamanı qonaqlara ANAMA-nın sənədli filmi, eləcə də milli və beynəlxalq təlim fəaliyyəti və xarici keyfiyyətin idarə edilməsi üzrə nailiyyətlər barədə geniş prezentasiya təqdim edilmişdir.

CROMAC nümayəndələrinin ANAMA-ya səfərinin başlıca məqsədi ANAMA ilə CROMAC arasında imzalanmış Anlaşma Memorandumu üzrə mina qurbanlarına yardım, yerüstü mina təhlükəsi ilə bağlı maarifləndirmə və yeni minatəmizləmə texnologiyalarının tədqiqi və hazırlanması, habelə Azərbaycanda minatəmizləmə fəaliyyəti üzrə həyata keçirilən işlər barədə müzakirələrdən ibarət idi.

 

 

 

 

06.04.12

BEYNƏLXALQ MİNA XƏBƏRDARLIĞI VƏ MİNA AKSİYASINA YARDIM GÜNÜ

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il qeyd edilir. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlət tərəfindən mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırışdır.


Minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyanın 70 ölkəsində 2000-ə yaxın insanın ölümünə və yaralanmasına səbəb olur. Münaqişə və müharibələrdən sonra tökülüb qalmış və uzun illər təhlükə yaradan MPQ və minaların qurbanları əsasən mülki şəxslər olur.

Azərbaycanda mina və MPQ problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir. 1998-ci ilin iyul ayında Respublika Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkədə minalarla mübarizə proqramının komponentlərini - ərazilərin mina/MPQ-lərdən təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım üzrə fəaliyyəti həyata keçirir.

ANAMA fəaliyyətinin nəticəsi olaraq, bu günə kimi 187, 706, 473 kv.m. ərazi təmizlənmiş və 670,657 mina və MPQ zərərsizləşdirmişdir. Mina Təhlükəsinə dair Maarifləndirmə fəalliyyəti çərçivəsində 24 rayonun 1200 məktəbinin 2335 müəlliminə 123 MTM təlimləri keçirilmiş, proqram üzrə dərslərin tədrisi təmin edilmiş, 9 rayonun 134 kəndində “MTM üzrə komitə”lər yaradılmış, proqram çərçivəsində 75,000 dərslik, 4 900 müəllim vəsaiti və 10,000-dən çox təlim plakatı paylanmışdır.

Minadan zərərçəkənlərə yardım fəaliyyəti çərçivəsində mina qurbanlarının tibbi müayinəsi, onların sanatoriyalarda müalicə olunması, mina qurbanları və ya onların ailə üzvləri üçün toxuculuq və tikiş kurslarının təşkili, əlillərin cəmiyyətə inteqrasiya edilməsi məqsədilə peşə yönümlü kursların təşkili və ailələrinin gəlir əldə edilməsinə şərait yaradılması, şikəst olmuş zərərçəkənlərə əlil arabalarının paylanması,  icma səviyyəli biznes təlimləri və micro-kredit dövriyyə fondu layihələri həyata keçirilir.

4 Aprel gününü qeyd etmək məqsədilə ANAMA Bakı şəhərində yerləşən BQ-da mətbuat konfransı keçirmişdir. Daha sonra ANAMA MTM şöbəsinin meneceri media işçilərini salamlayaraq, onları ANAMA tərəfindən Azərbaycanda həyata keçirdikləri fəaliyyətləri barədə məlumatlandırmışdır.

Paralel olaraq, bu Beynəlxalq Gün münasibəti ilə təşkil edilən tədbirlər 24 rayonun 1200 məktəbində 2335 müəllim tərəfindən də 52 000 şagirdin iştirakı ilə anılmaqla, eyni zamanda ANAMA nəzdində fəaliyyət göstərən qruplar və içraçı QHMH təşkilatlarımız tərəfindən əməliyyatların keçirildiyi rayonlarda da həyata keçirilir. Ağstafa, Füzuli rayonlarında fəaliyyət göstərən əməliyyatçılarımız, o cümlədən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri məktəblərə baş çəkmiş, mina qurbanları ilə görüşlər təşkil etmiş, Goranboy və Tərtər rayonlarının təhlükəli sayılan ərazilərində iri plakatlar (Bilbordlar) basdırmışlar. İkinci QHMH təşkilatı olan “Dayaq” Azərbaycan da daha çox fəallıq göstərir, belə ki, onların əməliyyatçıları bu gündə Ağdam və Tərtər rayonlarında bir sıra tədbirlər həyata keçirmişlər.

Azərbaycanda Beynəlxalq Günün anılmasına həsr edilmiş tədbirlər silsiləsi haqqında 10-dan çox respublika qəzet və informasiya bülletenləri öz səhifələrində geniş məqalələr dərc etmişlər. Əlbəttə, keçirilən bütün tədbirlərin məqsədi bu Günün işıqlandırılması ilə yanaşı onun əhəmiyyətini gündəmdə saxlamaq və Azərbaycanda bu problemin daha ciddi olmasını hamıya bəyan etmək idi.

 

 

 

 

31.03.12

MİNA ƏMƏLİYYATLARI ÜZRƏ MİLLİ DİREKTORLAR VƏ BMT MƏSLƏHƏTÇİLƏRİNİN
15-ci BEYNƏLXALQ GÖRÜŞÜ

26 -30 mart 2011-ci il tarixdə ANAMA Direktoru cənab Nazim İsmayılov Cenevrədə keçirilən “Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 15-ci Beynəlxalq Görüşü”ndə iştirak etmişdir.

BMT-nin bu mühüm yığıncağı mina probleminə məruz qalmış bütün ölkələrin mina Təhlükəsilə Mübarizə üzrə Milli Direktorları və BMT Məsləhətçilərini təcrübə və mina aksiyaları sahəsində problemlərin mübadiləsinə həsr edilmişdir.

http://www.gichd.org/fileadmin/pdf/conferences/UNMAT-2012/UNMAT-Agenda-26Mar2012.pdf

 

 

 

31.03.12

ANAMA VƏ XORVATİYA ARASINDA HƏR İKİ ÖLKƏNİN PREZİDENTLƏRİNİN İŞTİRAKI İLƏ ANLAŞMA
MEMORANDUMU İMZALANDI

12 mart 2012-ci il tarixində Xorvatiya Prezidenti İvo Josipovic Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyev və onun Xorvatiyalı həmkarı İvo Josipoviçin iştirakı ilə iki ölkə arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilmişdir.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imzalayıblar.

Memorandum çərçivəsində əməkdaşlıq xüsusilə minalara qarşı fəaliyyət üzrə qanun və qaydalar, yeni minatəmizləmə texnologiyalarının tədqiqi və hazırlanması, yerüstü mina təhlükəsi ilə bağlı maarifləndirmə və mina qurbanlarına yardım sahələrində fəaliyyəti nəzərdə tutur.

Artıq ikinci dəfədir ki, ANAMA hökumətlərarası memorandum imzalayır və bu fəaliyyət Azərbaycan hökumətinin ölkədə mina aksiyasına göstərdiyi yüksək prioritet və milli mina agentliyinə yüksək etimadın göstəricisidir. ANAMA tərəfindən imzalanmış birinci hökumətlərarası sənəd 9 Noyabr 2009 – cu ildə Sloveniya Beynəlxalq Etimad Fondu və Minadan Zərərçəkənlərə Yardım çərçivəsində Əməkdaşlıq Memorandumu olmuşdur.